Dünya Vəhşi Təbiət Fondu (WWF) IDEA İctimai Birliyinə Beynəlxalq “Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu vermişdir.
“Yer saatı” kampaniyası ilk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir.
“Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər.
Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi qabardılır.
Hər il mart ayının son şənbə günü qeyd olunan “Yer saatı” kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq, 2014-cü ildə dünyanın 162 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulmuşdur.
Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində, IDEA İctimai Birliyi “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmək hüququ əldə etmişdir.
IDEA İctimai Birliyi, 2015-ci ilin 28 mart tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir ([email protected], tel. 497-6316).