"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi

12.06.2015

IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramı çərçivəsində "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi keçirib. IDEA-dan Trend-ə verilən məlumata görə, Qax və Şəki rayonlarından 30-dan çox məktəblinin iştirak etdiyi düşərgə 10-12 iyun tarixlərində Qax rayonunun İlisu kəndində təşkil edilib.

"Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirmək olub. Düşərgənin gedişatında iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlandırılıblar. Uşaqlar, həmçinin müxtəlif kiçik ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak edib. Düşərgənin ikinci günündə İlisu şəlaləsi ətrafında təmizlik aksiyası həyata keçiriblər. Eyni zamanda, bütün iştirakçılara hədiyyələr verilmiş və sertifikatlarla təltif ediliblər.

"Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramı 2010-cu ildən etibarən Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərazində 150 başdan artıq ceyran Şirvan Milli Parkından tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilmişdir və onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir.

Qeyd olunmalıdır ki, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələri mütəmadi əsaslarla hər il təşkil edir.