“Eko-skaut” layihəsi
28.03.2017Martın 27-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən “Eko-skaut” layihəsinin Zirə Mədəniyyət Mərkəzində təqdimatı keçirilib.
Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. IDEA eko-skaut layihəsi gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.
Layihənin ilk mərhələsi olaraq Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən fəal "Ekoklub" üzvlərinə Zirə Mədəniyyət Mərkəzində yerləşən IDEA Resurs Mərkəzində layihənin mahiyyəti, eko-skautların öhdəlikləri, onların fəaliyyət prinsipləri, gündəlik eko-skaut qaydaları, eko-skaut klubuna üzv olmağın yolları, üzvlük kartı və yüksək statuslu kartlar almağın yolları, balların toplanma mexanizmi haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, kluba qoşulmaq üçün müraciət edən gənclərə üzvlük kartı və IDEA tərəfindən xüsusi olaraq hazırlanmış papaq, bel çantası, döş nişanı veriləcək. Yeni qoşulan üzvlər “Gənc ekoloq” adlandırılacaq və daha sonra bu statuslarını ətraf mühitə faydalı işlərlə məşğul olaraq və ballar yığaraq artırmaq imkanı əldə edəcəklər. Kifayət qədər bal toplayan eko-skautlar ən yüksək mərhələyə keçmiş sayılacaq və onlara IDEA tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.
Təqdimat mərasiminin yekununda gənclər könüllü olaraq IDEA eko-skaut layihəsinə qoşulmaq üçün müraciət etmiş, ilk üzvlər olaraq birgə “eko-skaut andı” içiblər. Daha sonra eko-skautlar IDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində çəkilmiş “Şirvan Milli Parkı” sənədli filmini izləmiş və Zirə Mədəniyyət Mərkəzi Eko parkın ərazisində güllər əkiblər.