"Ekoloji dərslik" lahiyəsi

01.05.2012

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası yeni lahiyəyə start verib. Lahiyə çərçivəsində yerli və xarici müəlliflər, ekspertlər, ətraf mühit elmi ilə məşğul olan insanlar, həmçinin professorlar və aspirantlar Azərbaycanda orta məktəblərdə dərsdənkənar kurslarda istifadə oluna biləcək ətraf mühit haqqında dərsliklər yazmağa dəvət olunurlar. Lahiyənin məqsədi ən mühüm ətraf mühit məsələlərindən və ətraf mühit dayanıqlığının əsas konsepsiyalarından bəhs edən bir kitab ərsəyə gətirməkdir. Kitab fərdi müəllif və ya digər müəlliflərlə birgə yazıla bilər. Lakin kitab bir neçə müəllif tərəfindən yazılarsa, qonorar müəlliflər arasında bölünəcək. Kitab həm Azərbaycan, həm də ingilis dillərində yazıla bilər. Əgər ingilis dilində yazılarsa, IDEA kitabın tam tərcümə və redaktə edilməsini öz üzərinə götürəcək. Müsabiqəyə müraciət etmək istəyən müəlliflər materialları, o cümlədən təklif olunan layihənin vaxt cədvəli, ilkin mövzu və struktur, yazı nümunəsi və nəticə (nəşr etmə tarixi və əlaqə üçün məlumat daxil olmalıdır) ilə bərabər qısa təsvirini və xülasəsini (maksimum 1000 söz) [email protected] e-mail poçtuna göndərməlidir. Şəxsi məlumat əlyazmaya və ya xülasəyə daxil edilməməlidir. Hər hansı bir namizəd irəli sürmək istəyən şəxslər IDEA ilə əlaqə saxlamalıdırlar. Xülasə və ərizələr iyunun 15-dək qəbul olunacaq. Qəbul olunma barədə bildiriş müəlliflərə iyulun 15-də göndəriləcək. Qaliblər yazının keyfiyyətinə, yaşa və təklifin orijinallığına görə seçiləcək.

Qalib olan müəlliflər mərhələli şəkildə işləməklə kitab fəsillərinin ilkin variantlarını vaxt cədvəlində müəyyən olunmuş vaxtlarda təqdim edəcəklər. Tam olaraq son variant 2012-ci ilin dekabr ayından gec olmayaraq təqdim olunmalıdır. Kitabın 2013-cü ilin əvvəlində nəşr olunması nəzərdə tutlur. Qalib gələn müəllif və ya müəlliflər öz işləri üçün 10 min manat (13 min ABŞ dolları) məbləğində qonorar alacaq. Digər bütün xərclər, o cümlədən kitabın tərcüməsi, nəşr edilməsi və paylanması xərcləri IDEA tərəfindən ödəniləcək. Müəlliflər qonorarın yarısını kitabın 50 faizini tamamladıqda alacaqlar. Tam qonorar işlər tam yekunlaşdıqdan sonra veriləcək.

Lahiyə IDEA tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilir.