Tullantıların idarə olunması - Kağız və plastik tullantıların toplanması və təkrar emalı
23.02.201723 fevral tarixindən etibarən IDEA İctimai Birliyi tullantıların idarə olunması proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Azersun” şirkəti ilə birgə kağız və plastik tullantıların toplanması və təkrar emalına həsr olunmuş yeni layihəyə start verir. Layihə çərçivəsində ali təhsil müəssisələrində kağız və plastik tullantılar üçün xüsusi çeşidləmə qutularının yerləşdirilməsi nəzərdə tutulub.
Layihənin pilot fazası olaraq, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə ümumilikdə 200 ədəd konteyner təhvil verilib. Layihənin məqsədi tullantıların idarə olunması ilə bağlı ekoloji maarifləndirməni gücləndirmək, təkrar emalı təşviq etmək yolu ilə ağacların və təbii sərvətlərin qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına töhfə verməkdir.
Sözügedən layihə çərçivəsində yerləşdirilən konteynerlərdə kağız və plastik tullantıların çeşidlənərək toplanması və təkrar emalı ali təhsil müəssisələrində təhsil alan tələbələrdə ekoloji məsuliyyət hissinin tərbiyə etdirilməsi, kağız israfının azaldılması, eləcə də ümumiyyətlə ətraf mühitin və təbii sərvətlərimizin mühafizəsi baxımından mühüm töhfə verəcəkdir. Məlum olduğu kimi, təbii resursların qənaətlə və səmərəli istifadəsi üçün tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq, IDEA İctimai Birliyi hələ 2014-cü ilin fevral ayından etibarən kağız tullantıların qəbulu və təkraremalı ilə bağlı “Hər kağızı bir yarpağa dəyişək” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində bu günə qədər 600 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilmişdir.
Qeyd edək ki, layihə çərçivəsində kağız və plastik tullantılar üçün xüsusi qutuların mərhələli şəkildə bütün ali və orta təhsil müəssisələrində yerləşdirilməsi planlaşdırılıb. Layihə tərəfdaşları bütün tələbə və şagirdlərdən yaşıl qutuların kağız tullantılar, mavi qutuların isə plastik tullantılar üçün qoyulduğunu nəzərə alaraq, təhsil aldıqları müəssisədə tullantıları qutulara atarkən diqqətli olmağa və düzgün çeşidləməyə dəvət edir. IDEA İctimai Birliyi hər kəsi, xüsusilə də gəncləri tullantıların idarə edilməsi işinə dəstək olmağa, onların çeşidlənməsi və azaldılmasına öz töhfələrini verməyə çağırır.