“Landşaft dizaynerliyi” kursları
14.09.2016IDEA İctimai Birliyi “Gənclərin tədrisi proqramı” çərçivəsində 9 sentyabr tarixində “Landşaft dizaynerliyi” kurslarına start verib.
Sözügedən kursun təşkil edilməsində əsas məqsəd insanla təbiət arasında harmoniya yaratmaq, təbiət gözəlliklərini önə çıxarmaq, o cümlədən yaşıllaşdırma işlərini düzgün həyata keçirməyi və ətraf mühit komponentləri arasında estetik əlaqə qurmağı təşviq etməkdir.
Qeyd edək ki, kurslar iki ay müddətində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzlərində keçiriləcəkdir.
500-ə yaxın qeydiyyatdan keçmiş şəxs arasından seçilən 35 nəfər gəncin iştirakı ilə keçirilən kursda landşaftların təsnifatı, landşaft memarlığının tarixi, landşaft memarının vəzifələri, landşaft dizaynerliyi, orqanik əkinçilik və onun əhəmiyyəti və s. bu kimi mühüm əhəmiyyətə malik mövzulara toxunulacaqdır.
Müvəffəqiyyətlə kursu tamamlayan gənclərə sonda IDEA tərəfindən sertifikat təqdim olunacaqdır.
IDEA mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzulu filmlər və s. təşkil edir.