“Məktəb bağları” layihəsi
17.03.2017Martın 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xəşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinə start verilib.
IDEA İctimai Birliyi, FAO və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi çərçivəsində Azərbaycanın 8 rayonunun (Göyçay, Şəmkir, Haçıqabul, Quba, Masallı, Oğuz, Xəzər, Zaqatala) orta məktəblərinin həyətlərində meyvə ağaclarının əkilməsi nəzərdə tutulub.
Layihənin ilk aksiyası zamanı Leyla Əliyevanın iştirakı ilə Xəzər rayonu 234 nömrəli məktəbdə şagirdlərlə birgə 100 ədəd badam, nar və gavalı ağacları əkilib.Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 2015-ci ildən FAO-nun xoşməramlı səfiridir. FAO-nun fəaliyyətində dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, sağlam ərzaq sistemləri yaradılması əsas istiqamətlərdəndir. Ekoloji təhsil və maarifləndirmə işlərini fəaliyyətində prioritet edən IDEA İctimai Birliyi gənc nəsli təbiətin mühafizəsi üzrə səylərə cəlb etmək, təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların ətraf mühitlə bağlı biliklərinin artırılmasına müsbət təsir göstərmək məqsədilə Təhsil Nazirliyi ilə birgə artıq bir sıra layihələr həyata keçirib.
“Məktəb bağları” layihəsi çərçivəsində Azərbaycanın digər rayonlarında da mərhələli şəkildə təşkil ediləcək ağacəkmə aksiyaları 2017-ci il aprel ayının sonuna qədər davam edəcək. Layihə çərçivəsində hər bir rayonun iqliminə və torpaq örtüyünə uyğun olaraq 40-dan çox məktəbdə 5000-ə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağaclarının əkilməsi planlaşdırılıb.