“Sevincini bölüş” xeyriyyə kampaniyası
31.10.2022IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz oyuncaqların ianə verilməsi üzrə “Sevincini bölüş” xeyriyyə kampaniyasına start verilir. Kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində xüsusi ianə qutuları yerləşdiriləcək, toplanan oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara təqdim ediləcəkdir.
Oyuncaq ianələrinin qəbulu üçün ilk qutu bu gün IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Gənclik Mall ticarət mərkəzində istifadəyə verilmişdir.
IDEA İctimai Birliyi Bakı sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, amma yararlı qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır.