“Yaşıl paket” tədris vəsaiti

16.05.2016

Mayın 16-da Heydər Əliyev Mərkəzində “Yaşıl paket” multimedia dərsliyinin ikinci nəşrinin təqdimatı keçirilib.

Dərs vəsaiti ətraf mühit və davamlı inkişaf barədə məktəblilərdə erkən yaşlardan təsəvvür yaratmaq və gəncləri təbiətə qarşı məsuliyyətli ruhda tərbiyə etmək məqsədilə hazırlanıb. Burada insan - təbiət münasibətlərinin müxtəlif aspektləri, həmçinin iqtisadi inkişaf və artımın ətraf mühitə zərər vermədən mümkünlüyünün sirləri əksini tapıb. Dərsliyin interaktiv oyunlar və videoçarxlarla zəngin olması onun mənimsənilməsini əyləncəli və asan edir.

Qeyd edək ki, “Yaşıl paket” Azərbaycanda ilk dəfə 2006-cı ildə nəşr olunub və ötən on il ərzində informasiya texnologiyalarının inkişafı onun yenilənməsini şərtləndirib. Bununla əlaqədar, IDEA İctimai Birliyi, Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzi (REC) və “Davamlı inkişaf uğrunda” İctimai Birliyinin iki il davam edən birgə səyi nəticəsində “Yaşıl Paket”in  yeni nəşri hazırlanıb.  

Təqdimatda dövlət qurumlarının, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, respublikanın müxtəlif bölgələrindən olan müəllim və mütəxəssislər iştirak ediblər.

Tədbir zamanı “Yaşıl paket” vəsaitinin müəllifləri ilə yanaşı, IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin nümayəndələri layihə barədə iştirakçılara geniş məlumat veriblər. Qeyd olunub ki, davamlı inkişaf və ətraf mühit haqqında interaktiv tədris vəsaiti hesab edilən “Yaşıl paket” orta məktəb müəllimləri və şagirdləri, eləcə də əlavə təhsil sistemi üçün nəzərdə tutulur, vəsait modul struktura malikdir. Təqdimatı keçirilən “Yaşıl paket” tədris vəsaitinin növbəti dərs ilindən etibarən müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Bu dərsliyin ölkədə tətbiqi tədris sahəsində yenilik olmaqla yanaşı, məktəblilərin ətraf mühiti innovativ üsullarla dərk etməsinə yol açacaq. 

Qeyd edək ki, gənclərin ekoloji təhsili IDEA İctimai Birliyinin prioritet fəaliyyət sahələrindəndir. IDEA-nın Bakı və Gəncə şəhərlərində yerləşən resurs mərkəzlərində müntəzəm şəkildə həyata keçirilən ekoloji tədris proqramı 5 yaşdan başlayaraq müxtəlif yaş qruplarında olan uşaqları, o cümlədən gəncləri əhatə edir.