"Zubrları təbiətimizə qaytaraq!" ekoloji yay düşərgəsi

21.07.2017

IDEA  İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi "Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsinə start vermişdir. Qəbələ rayonunun Bunud, Vəndam, Tüntül, Yengicə, Nohurqışlaq, Əmirvan, Bılıx, Topbağ və Məlikli kəndlərindən 70-dən çox məktəblinin iştirak etdiyi düşərgə 19-21 iyul tarixlərində Qəbələ rayonunda təşkil ediləcəkdir.

"Zubrları təbiətimizə qaytaraq!" yay düşərgəsinin əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgə zamanı iştirakçılar zubrların həyat tərzi, reintroduksiya olunacağı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edəcək, bu nadir canlı növünün zəngin təbiətimizə qaytarılması məqsədilə həyata keçirilən reintroduksiya layihəsi haqqında seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak edəcəklər.

Qeyd edək ki, zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Növün son fərdlərinə keçən əsrin sonlarında Qafqaz dağının ətəyində rast gəlinib. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən zubrların reintroduksiyası ilə bağlı birgə layihəyə başlanmışdır. Layihə çərçivəsində Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilməkdədir. Layihənin icrasında ən önəmli istiqamətlərdən biri əhalinin, xüsusilə gənclərin maarifləndirilməsidir.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Qəbələ, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl rayonlarından ümumilikdə 300-dən çox məktəbli iştirak etmişdir.