1-ci Azərbaycan Ətraf Mühit Forumu keçirilib
Martın 18-i “JW Marriott Absheron” otelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə 1-ci Azərbaycan Ətraf Mühit Forumu keçirilib.
“Azərbaycanın yaşıl sabahını birlikdə quraq” şüarı altında baş tutan forum Azərbaycanda ətraf mühit sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirərək ölkəmizdəki mövcud ekoloji problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılması üçün vahid platforma rolunu oynayıb.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseynqulu Bağırov çıxış nitqi söyləyib. Cənab Nazirin sözlərinə görə son illərdə Azərbaycanda ətraf mühitin qorunması sahəsində davamlı işlər görülməkdədir.
“Son iki ildə Abşeron yarımadasında salınan zeytunluqların əhatə etdiyi ərazi tarix boyu Azərbaycanda salınan zeytunluqların ərazisindən daha böyükdür” – cənab Nazir əlavə etmişdir.
Daha sonra çıxış edən BMT-nin rezident əlaqələndiricisi cənab Antonius Broek qeyd etmişdir ki, ətraf mühitin qorunması işində birgə əmək, qarşılıqlı əməkdaşlıq çox vacib faktordur. Bu işə gənclərin cəlb olunmasını vacib hesab edən rəsmi sonda IDEA İctimai Birliyinə ətraf mühitin qorunmasına gənclərin fəal şəkildə cəlb olunmasına görə təşəkkür edib.
Tədbirdə çıxış edən qonaqlar Azərbaycanda ətraf mühit sahəsində həyata keçirilən unikal təşəbbüslərə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevaya öz təşəkkürlərini bildirib, IDEA-nın fəaliyyətinə uğurlar arzulayıblar. Forum daha sonra iki fərqli diskussiya paneli ilə davam edib.
“Ekoloji problemlərə milli baxış, onların həlli yolları və bu işdə QHT-lərin rolu” başlığı altında keçirilən birinci paneldə yerli ekoloji təşkilatların nümayəndələrinin çıxışı ilə məruzələr səslənilib, mövzu ətrafında müzakirələr aparılıb.
Günün ikinci hissəsində “Azərbaycanda ətraf mühitin qorunması sahəsində QHT və dövlət strukturları arasında əməkdaşlığın bu günü və sabahı” mövzusunda digər panel keçirilib.
Ölkəmizdə ilk dəfə baş tutan forumun yekununda “1-ci Azərbaycan Ətraf mühit forumu bəyannaməsi” qəbul edilib.