“2030 Gündəliyinin ətraf mühit aspektləri” Milli Gənclər Forumu
İyunun 5-də IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan Nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib.
Ümumdünya Ətraf Mühit Günündə təşkil edilən tədbirin əsas məqsədi gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri (DİM), xüsusən onların ekoloji aspektləri haqqında maarifləndirilmənin artırılması, eləcə də gəncləri DİM səfirləri olmağa sövq etməklə onların 2030 Gündəliyinin həyata keçirilməsində rolunu artırmaqdan ibarətdir. Forum Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş “Yaşıl həftə” tədbirlər silsiləsi çərçivəsində təşkil edilib.
Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi əvəzi Edvard Karvardin iştirak edib.
Açılış nitqlərinin ardından BMT Baş katibinin Ümumdünya Ətraf Mühit Günü münasibətilə video müraciəti nümayiş etdirilmişdir. Daha sonra müxtəlif ekoloji mövzular üzrə panel müzakirələri keçirilib. Tədbirə xüsusi dəvət olunmuş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iqlim dəyişikliyi üzrə mütəxəssisi Alaşiya Qordes və Ümumdünya Resurslar İnstitutunun (WRI) enerji dayanıqlığı üzrə mütəxəssisi Məltəm Bayraktar, eləcə də digər xarici və yerli mütəxəssislər ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf üzrə beynəlxalq təcrübəni gənc auditoriya ilə bölüşdülər.
“İqlim dəyişikliyi: adaptasiya və təsirlərin azaldılmasında gənclərin rolu” başlığı altında keçirilən birinci panel zamanı iqlim dəyişikliyinin zəngin qida və təmiz su təminatı, ekosistemlərin sağlamlığı və ekoloji təhlükəsizliyə, habelə gənc insanların və gələcək nəsillərin rifahına mənfi təsirləri müzakirə olunub.
İkinci panel “Biomüxtəlifliyin qorunması: Azərbaycan üçün əhəmiyyəti nədir?” mövzusuna həsr olunmuşdur. Panel iştirakçıları flora və fauna növlərinin qorunması üzrə səylərin vacibliyi və Azərbaycanda məhv olma təhlükəsi altında olan növlərlə bağlı vəziyyət haqqında danışıblar.
“Davamlı enerji: insanları, iqtisadiyyatı və planeti transformasiya edərkən” başlığı altında keçirilən son panel zamanı bərpa olunan enerjiyə sərmayə qoyulması, enerjiyə qənaətin prioritetləşdirilməsi, eləcə də təmiz enerjiyə əsaslanan texnologiya və infrastrukturun tətbiq edilməsi ilə daha sərfəli, etibarlı və davamlı enerji sisteminə keçidin sürətləndirilməsində hökumət və özəl sektorun rolu müzakirə edilib.