“Abşeron Milli Parkı” sənədli filminin təqdimatı

Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən  “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimatda iştirak edib.

Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Abşeron Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.

Təqdimat mərasimində çıxış edən İqor Bışnyov bildirib ki, “Abşeron Milli Parkı” “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində lentə alınan sayca dördüncü filmdir. Eyni zamanda, rejissor, ümumilikdə, son beş il ərzində IDEA-nın təşəbbüsü ilə Azərbaycanın nadir təbiətini əks etdirən beş uğurlu filmin ərsəyə gətirilməsindən bəhs edib. Rejissor layihənin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirərək, qonaqları filmin çəkiliş prosesi haqqında ətraflı məlumatlandırıb və təəssüratlarını bölüşüb.

Filmin rejissoru İ.Bışnyov 2005-ci ildə yaradılan Abşeron Milli Parkının Azərbaycanın ən kiçik milli parkı olmasına baxmayaraq, zəngin fauna və floraya malik olduğunu xüsusi vurğulayıb.

IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulub. Qeyd edək ki, artıq Şirvan, Ağgöl və Göygöl Milli Parklarına həsr olunan filmlər ictimaiyyətə təqdim olunub. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama Milli parklarından söhbət açılacaq.

IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.