“Ağgöl Milli Parkı” filminin təqdimat mərasimi keçirilmişdir
24 aprel 2015-ci il tarixində “Nizami” Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən olan “Ağgöl Milli Parkı” filminin təqdimat mərasimi keçirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimat mərasimində iştirak etmişdir.
Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Ağgöl Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olmuşdur.
Təqdimat mərasimində çıxış edən İqor Bışnyov bildirmişdir ki, “Ağgöl Milli Parkı” “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində lentə alınınan sayca ikinci filmdir. Rejissor layihənin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirərək, qonaqları filmin çəkiliş prosesi haqqında ətraflı məlumatlandırmış, təəssüratlarını bölüşmüşdür.
Qeyd edək ki, IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsi ölkəmizin 9 milli parkında geniş sənədli filmin hazırlanmasını ehtiva edir. Bu layihə çərçivəsində ötən il “Şirvan Milli Parkı” adlı ilk sənədli film geniş ictimaiyyətə təqdim olunmuş və böyük maraqla qarşılanmışdır. Növbəti illərdə Göygöl, Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron, və Samur Yalama Milli Parklarından bəhs edən filmlərin çəkilişi də nəzərdə tutulur.
IDEA İctimai Birliyi “Ağgöl Milli Parkı” filmini ali təhsil müəssisələrində və IDEA-nın Resurs Mərkəzlərində nümayiş etdirmək niyyətindədir.
Layihənin məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəllilərini təbliğ etmək və onların mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdan ibarətdir.