Arazboyu Dövlət Təbiət Yasaqlığı və Bəsitçay qoruğuna ilkin ziyarət
Təxminən 30 illik işğaldan sonra, həmçinin azad edilmiş Azərbaycan ərazilərindən çıxarkən Ermənistan silahlı qüvvələri və qanunsuz məskunlaşmış mülki əhalinin törətdiyi ekoloji vandalizm hərəkətlərindən sonra IDEA-nın təsisçisi Leyla Əliyeva tərəfindən yüksək prioritetli bərpa planları irəli sürülmüşdür.
28 yanvar tarixində IDEA komandası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azərbaycanın uzun müddət işğal altında qalmış xüsusi mühafizə olunan ərazilərini, yəni Arazboyu Dövlət Təbiət Yasaqlığı və Bəsitçay qoruğunu görmək üçün ilkin ziyarətə getdilər. Səfər onilliklər boyu baxımsızlığa və istismara məruz qalan azad edilmiş ərazilərin ətraf mühitini qiymətləndirmək və bərpa etmək, beynəlxalq qurum və tərəfdaşları, həmçinin yerli gəncləri bərpa proseslərində birbaşa və fəal iştiraka cəlb etmək üçün icra edilən uzunmüddətli proqram çərçivəsində həyata keçib. Vurulmuş zərərin miqyası ilə tanış olan nümayəndələrimiz Qarabağ təbiətinə və meşələrə yeni nəfəs vermək yolunda atılacaq ilkin addımlara toxum və ağac əkməklə başladılar.