Avropa zubrları təbiətə buraxıldı
29 oktyabr 2021-ci il tarixində “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində Şahdağ Milli Park ərazisində iki il müddətində iqlimləşdirilən 20 Avropa zubru (o cümlədən 4 bala) nəhayət ki, təbiətə buraxıldı. Üzərində quraşdırılan GPS cihazları vasitəsilə zubrlar izlənilərək nəzarət ediləcək və onların həyat tərzi haqqında sonrakı mərhələlərdə töhvə verəcək qiymətli məlumatlar toplanılacaqdır.
Nəsli kəsilmək təhlükəsi altında olan zubrlar ilk dəfə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən yerli təbiətə reintroduksiya olunması məqsədilə Azərbaycana 2019-cu ildə gətirilmişdi. O vaxtdan etibarən heyvanların təbiətimizə tam uyğunlaşması və sürətli təbii artımı müşahidə olunmuşdur. Cari ay ərzində daha 9 baş zubrun ölkəyə gətirilərək mühitə uyğunlaşdırılması və nəticə etibarilə, ilkin zubr populyasiyasına qoşulması planlaşdırılır.