"Azərbaycan Ornitofaunası və növlərin müşahidəsi" mövzusunda araşdırma proqramı yekunlaşıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA  (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin 29 aprel-2 may tarixlərində həyata keçirdiyi "Azərbaycan Ornitofaunası və növlərin müşahidəsi" mövzusunda araşdırma proqramı artıq yekunlaşıb.

20-ə yaxın gəncin iştirak etdiyi nəzəri və praktiki hissələrdən ibarət olan proqram dörd gün davam edib. Gənclər proqramın 29 aprel - 1 may tarixləri arasında baş tutan nəzəri hissəsi zamanı Azərbaycan ornitofaunası və quş növlərilə bağlı təlimlərdə iştirak ediblər. Nəzəri məşğələlər IDEA Resurs Mərkəzində WWF təşkilatının Azərbaycan nümayəndəliyinin mütəxəssisi Sevinc Saruxanova tərəfindən aparılıb. Məşğələlər zamanı gənclərə populyasiyalar və onlara mümkün təsirlərin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verilib. Bundan əlavə, iştirakçılar müvafiq araşdırma mövzuları üzrə yazı işlərini yerinə yetiriblər.

Mayın 2-də isə Şirvan Milli Parkında proqramın praktiki çöl işlərindən ibarət ikinci hissəsibaş tutub. Gənclər park ərazisində olan müxtəlif quş növlərini, onların yaşam tərzinin müşahidəsini aparıb və saylarına dair hesabatlar tərtib ediblər.

Qeyd edək ki, təcrübə işləri Biologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Orinotoloji Cəmiyyətinin sədri Elçin Sultanovun rəhbərliyi altında həyata keçirilib.