Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir

IDEA İctimai Birliyi, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin bir sıra orta məktəblərində Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə həsr olunmuş "Dünyanın ən böyük dərsi" layihəsi həyata keçirilir.

Məlum olduğu kimi, 25 sentyabr 2015-ci il tarixində dünya liderləri tərəfindən BMT-nin Davamlı İnkişaf üzrə 2030 Gündəliyi qəbul edilmişdir. Bununla bağlı, UNICEF və digər təşkilatların dəstəyi ilə "Dünyanın ən böyük dərsi" (The World's Largest Lesson) layihəsi irəli sürülmüşdü. Layihənin məqsədi hər il sentyabr ayının sonundan başlayaraq bütün dünya üzrə məktəblərdə Qlobal məqsədlər barədə dərslərin keçirilməsindən ibarətdir. Azərbaycanda keçiriləcək dərsin məqsədi isə məktəb şagirdlərinin bir sıra mövzulara, o cümlədən iqlim dəyişmələrinə dair biliklərini artırmaqdır. Bu baxımdan, Dərsin diqqət mərkəzində iqlim dəyişmələrinin təsiri və uşaqların öz yaşadıqları ətraf mühiti qoruma yollarını necə inkişaf etdirə biləcəyi məsələsi dayanır. Dərslər layihə çərçivəsində hazırlanmış tədris materialları əsasında keçirilir.

Dərslərin ölkəmizin məktəblərində keçirilməsi məqsədilə sözügedən materiallar IDEA və UNICEF tərəfindən Azərbaycan dilində hazırlanmış və dərc edilmişdir. Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun iştirakı ilə sentyabrın 24-dən başlayaraq bir həftə ərzində Bakı və Xaçmazın 20 orta məktəbinin müəllimləri üçün "Dünyanın ən böyük dərsi"nin tədrisi üzrə təlimlər təşkil ediləcəkdir. Daha sonra təlim keçmiş müəllimlər tərəfindən sözügedən dərsin öz şagirdlərinə keçirilməsi nəzərdə tutulur. Sonda layihədə iştirak etmiş məktəblər “World’s Largest Lesson” internet səhifəsində yerləşən dünya xəritəsində işarələnir. Təşəbbüs Təhsil Nazirliyi, UNICEF və IDEA-nın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçiriləcək yekun mərasimlə başa çatacaq.  

2015-ci ildən başlanmış "Dünyanın ən böyük dərsi" təşəbbüsü üzrə indiyə kimi 130-dan çox ölkədən olan milyonlarla uşaq və gənclər Dayanıqlı İnkişaf Məqsədləri, o cümlədən qarşıya qoyulmuş ekoloji, sosial və iqtisadi çağırış və hədəflər haqqında məlumatlandırılmış, bu məqsədlərə nail olunmasında necə iştirak edə bildiyini öyrənmişlər.

"Dünyanın ən böyük dərsi" layihəsi ilə bağlı ətraflı məlumat IDEA İctimai Birliyi (012 497 63 16) və ya UNICEF-in Azərbaycan Nümayəndəliyindən (412 492 3013) əldə edilə bilər.