Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb

İctimai yerlərdə su sızıntılarının xəbər verilməsi üzrə mobil proqram təminatı olan Hydro Heroes (Hidro Qəhrəmanlar) tətbiqinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində təqdimatı keçirilib.

IDEA İctimai Birliyi və BMTİP-QEF Kür II Layihəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərsu ASC ilə tərəfdaşlıq çərçivəsində hazırlanmış mobil tətbiqin ictimaiyyətə təqdimatı bütün dünyada qeyd edilən Yer Gününə təsadüf edib.

Qeyd edilməlidir ki, ictimaiyyətin su itkisinə qarşı fəaliyyətə cəlb edilməsinə yönəlmiş mobil tətbiqin yaradılması təşəbbüsü  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən 2018-ci ildə 5 iyun - Ümumdünya Ətraf Mühit Günündə keçirilən Gənclər Forumu zamanı irəli sürülüb. Daha sonra, IDEA ilə BMTİP-QEF Kür II Layihəsi bu cür mobil tətbiqin birgə yaradılması qərarına gəlib.  

Məlum olduğu kimi, əksər ölkələrdə su təchizatı sistemlərində olan itkilər 20-70% arasındadır. Yəni, su paylama şəbəkələrində yaranan qəza və nasazlıqlar səbəbindən küçələrə və ictimai yerlərə sızan təmizlənmiş, içməli suyun böyük hissəsi istifadəçilərə çatmamış itirilir. Bu isə, suyun təmizlənməsinə sərf olunmuş vəsaitin itirilməsi və ictimai infrastruktura zərər vurulması ilə yanaşı, qlobal istiləşmə və dünya əhalisinin artması səbəbindən getdikcə məhdudlaşan şirin su resurslarının daha da azalması deməkdir.

Suyun qənaətinə yönəlmiş Hydro Heroes tətbiqi Azərbaycan vətəndaşlarına geolokasiyadan istifadə edərək mobil telefonlarından su sızıntısı haqqında məlumatı və görüntüləri birbaşa aidiyyəti quruma göndərmək, problemin həlli ilə bağlı cavab əldə etmək imkanı verir. Sözügedən tətbiq su şəbəkəsində sızmaların aradan qaldırılma müddətini və su itkisini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcəkdir.

Eyni zamanda, tətbiqə su və suya qənaət ilə bağlı əyləncəli və maarifləndirici xüsusiyyətlər, o cümlədən su ilə bağlı test və oyun, Kür hövzəsinin Azərbaycandakı bir sıra sularının 360 dərəcə videoları, AR (Augmented Reality) funksiyası, su sərfiyyatı kalkulyatoru və s. daxildir.

Tətbiq həm Android, həm də IOS platformalarında işləyəcək.

Hydro Heroes mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “AzInTelecom” MMC-nin dəstəyi ilə hazırlanıb. 

Layihənin tərəfdaşları smartfon istifadəçisi olan bütün vətəndaşlarımızı Hydro Heroes tətbiqini  yükləməyə, su itkilərinin aradan qaldırılması səylərinə öz vacib töhfələrini verməyə çağırır.