“Azərbaycanda nəsli kəsilmək təhlükəsi altında olan flora növləri və son zamanlar təsvir edilmiş yeni növlər” mövzusunda seminar keçirildi

2015-ci il 14-15 aprel tarixlərində IDEA İctimai Birliyinin Resurs Mərkəzində “Azərbaycanda nəsli kəsilmək təhlükəsi altında olan flora növləri və son zamanlar təsvir edilmiş yeni növlər” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.

Nəzəri və praktiki hissələrdən ibarət olan seminarda ekologiya, biologiya və digər oxşar ixtisaslar üzrə təhsil alan və ya bu sahələrdə çalışan 30-dan çox gənc iştirak etmişdir.

Seminarın nəzəri hissəsində ekspert qismində AMEA-nın Botanika İnstitutunun nümayəndəsi çıxış etmişdir. Ekspert Azərbaycanda rast gəlinən nadir, nəsli kəsilmək təhlükəsi ilə üzləşən bitkilər və endemlər, toponim, dekorativ, tibbi və iqtisadi əhəmiyyətli bitkilər barədə mühazirə təqdim etmişdir.

Praktiki hissə zamanı isə iştirakçılar Botanika İnstitutunun nəzdnində yerləşən Mərkəzi Nəbatət Bağını, Herbari Fondunu, muzey və laboratoriyanı ziyarət etmişlər.

Gənclər sözügedən laboratoriyada istifadə olunan avadanlıqlar və onların iş prinsipi ilə yaxından tanış olmuş, aparılan təcrübələrdə iştirak etmiş, mühazirə zamanı əldə etdikləri nəzəri bilikləri praktiki şəkildə sınaqdan keçirmək imkanı əldə etmişlər. Bununla yanaşı, gənc mütəxəssislərə flora növlərinin laboratoriya şəraitində yetişdirilməsi və nəsli kəsilməkdə olan bitkilərin artırılması üsulları öyrədilmişdir.

İki gün davam edən seminar gənclərin böyük marağına səbəb olmaqla yanaşı, onlar üçün faydalı nəzəri və praktiki bilik əldə etmək imkanı yaratmışdır. 

IDEA İctimai Birliyi mütəmadi olaraq ətraf mühit sahəsində təhsil alan və ya çalışan gənclərin daha dərin biliklərə yiyələnməsi, onların mütəxəssislərin təcrübəsindən faydalanması məqsədilə seminarlar, dəyirmi masalar və təlim kursları təşkil edir.