Azərbaycanda “Yer saatı 2018” ekoloji kampaniyası keçirilib

Martın 24-də Bakıda “Yer saatı 2018” (Earth Hour 2018) beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi tədbir keçirilib. Tədbir kampaniyanın Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyi, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azərbaycan) birgə təşkilatçılığı ilə baş tutub.

Aksiya iştirakçıları Dənizkənarı Milli Parkda toplaşaraq şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqlarının bir saatlıq söndürülməsi prosesini müşahidə ediblər. Gənclər simvolik “qırmızı düymə”yə basaraq birgə aksiyaya start veriblər. Daha sonra, rəmzi gerisayımda kampaniyanın rəmzi olan “60+” yazısının şamlarla işıqlandırılmasında və velosiped yürüşündə iştirak ediblər.

400 nəfərə yaxın gəncin qoşulduğu “Yer saatı” 2018 aksiyası zamanı əyləncəli flaşmoblar, məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun rəqsləri, hədiyyəli müsabiqələr, tədbir müddətində fasiləsiz musiqi və digər sürprizlər gənclərin böyük marağına səbəb olub.

“Yes saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində sadəcə işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası 2017-ci ildə 187 ölkə tərəfindən qeyd edilmişdir. Kampaniya ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarmışdır. IDEA İctimai Birliyi tərəfindən ötən il 10 illiyini qeyd edən "Yer saatı" kampaniyası çərçivəsində ölkəmizdə təşkil edilən genişmiqyaslı aksiyaya 300 nəfərdən çox gənc qoşulmuşdur.

Beynəlxalq “Yer saatı 2018” kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi qismində çıxış edən IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulduğuna görə Heydər Əliyev Fonduna, Heydər Əliyev Mərkəzinə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Hökümət Evinə, “Hilton Baku”, “JW Marriott Absheron”, “Bulvar”, “Intourist” otellərinə, "Park Bulvar" ticarət mərkəzinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Dənizkənarı Bulvar İdarəsinə, Bakı Olimpiya Stadionuna, “Baku Crystall Hall”a, Milli Gimnastika Arenasına, bütün regionlar üzrə “ASAN xidmət” mərkəzləri, ADA Universitetinə və “Alov qüllələri” kompleksinə  minnətdarlığını bildirir.

İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi hər kəsi bu problemin həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə çağırır.