“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatdı!

IDEA İctimai Birliyi və “Nature and History Production”ın birgə təşkilatçılığı ilə start verilən “Azərbaycanın 7 möcüzəsi” layihəsinin ilkin mərhələsi başa çatıb. Layihə çərçivəsində keçirilən səsvermə nəticəsində namizədlər siyahısından 25 finalçı obyekt müəyyən olunub.

İctimaiyyət tərəfindən böyük maraqla qarşılanan layihənin ikinci mərhələsinə noyabr ayında başlanacaq. Bu mərhələdə alimlərin, tədqiqatçıların və ekspertlərin iştirak etdiyi televiziya layihəsinə start veriləcək. 25 həftə ərzində davam edəcək verlişlərin hər biri, əhali tərəfindən seçilmiş finalçı obyektlərdən birinə həsr olunacaq.

Qeyd edək ki, “Azərbaycanın 7 möcüzəsi” layihəsinə cari ilin may ayında start verilmişdir. Məlum olduğu kimi, 2007-ci ildə keçirilən ümumdünya səsverməsi nəticəsində dünyanın yeni yeddi möcüzəsi açıqlanmış, bundan sonra bir çox ölkələr öz möcüzələrini seçmək üçün bu cür layihələri həyata keçirməyə başlamışdır. Beləliklə, Azərbaycan da öz möcüzələrini müəyyənləşdirmək məqsədilə belə bir layihəyə start vermiş və Yeddi.az saytı vasitəsilə səsvermə keçirmişdir.

“Azərbaycanın 7 möcüzəsi” layihəsinin əsas məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, mübahisəli və təhrif edilmiş faktları tarixi abidələr fonunda araşdırmaq, Azərbaycandakı tarixi, mədəni, eləcə də təbii obyektlərin tanıdılması və mühafizəsinə diqqət yönəltməkdir.

Layihə çərçivəsində növbəti ilin may ayının əvvəlində baş tutacaq son səsvermənin nəticəsində 25 namizəddən 7 qalib seçiləcək və 28 may Respublika Günündə “Azərbaycanın 7 möcüzəsi” adına layiq görülən abidələr ictimaiyyətə elan olunacaq.