Bakıda "Ümumdünya Su-bataqlıq Əraziləri Günü"nə həsr olunmuş yürüş keçirildi
3 FEVRAL tarixində IDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən su-bataqlıq ərazilərinə həsr olunmuş Sahilyanı bulvarda yürüş aksiyası keçirildi.
Yürüş Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil olan, nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq və quş növlərinin yaşaması üçün zəruri olan və IDEA-nın təqdimatına əsasən 2019-cu ildə Mission Blue təşkilatı tərəfindən “Ümid yeri” kimi bəyan edilən Qızılağac Milli Parkına həsr edilmişdir.
Təşkilatçılar bataqlıqlarımızın mühafizəsi naminə bu simvolik aksiyaya gələrək dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.
Təəssüf ki, bataqlıqlara çox zaman lazımsız ərazi kimi baxılır, lakin onlar sularımızı təmizləyən, bütün heyvanlar üçün yaşayışı təmin edən, sahillərimizi qoruyan və təbiətin iqlim dəyişikliyinə uyğunlaşmasına kömək edən ən məhsuldar ekosistemlərdən biridir.
Dünya çaylarından 5 dəfə çox şirin su ehtiyatı olan, meşələrdən ən azı 7 dəfə çox karbon qazı udan bataqlıqlar əslində meşələrdən 3 qat daha tez məhv olur. Həmçinin, bataqlıqlar 2000-dən çox bitki, 200-dən çox quş, 40-dan çox sürünən və 1000-dən çox onurğasız növlərinin təbii yaşam arealıdır.
Buna görə də biz, su-bataqlıq ərazilərinin məhv olmasının qarşısını almalı, onları qoruyub-saxlamalı və bərpa etməliyik, həmçinin bu problem haqqında milli və qlobal səviyyədə məlumatlılığı artırmalıyıq.