Bakıda “Yaşıl həftə” layihəsinə beynəlxalq gənclər forumu ilə start verildi

Bakıda beynəlxalq “Yaşıl həftə” layihəsinə start verilib. IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası və BMT-nin Ətraf mühit üzrə Proqramının (UNEP) birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq baş tutan bu tədbirdə yerli qonaqlarla yanaşı xarici ölkələrdən dəvət olunan bir sıra beynəlxalq təşkilatların, dövlət və qeyri-dövlət təşkilatı nümayəndələri, gənc liderlər iştirak ediblər.

2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan IDEA kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır.

IDEA-nın böyük miqyaslı layihələri bir sıra beynəlxalq təşkilatların marağına səbəb olur. Bunun nəticəsində, Kampaniya beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradaraq, birgə layihələrə start verir. “Yaşıl Həftə” bu layihələrdən biridir.

“Yaşıl Həftə”-nin 1-ci günü beynəlxalq gənclər forumu təşkil olunub. Forumda əsasən 2012-ci ilin iyun ayında keçirilən RİO+20 sammitinin yekunu ilə bağlı müzakirələr aparılıb. BMT-nin Ətraf mühit üzrə Proqramı UNEP-in əməkdaşlıqlar, ətraf mühit və sağlamlıq üzrə regional koordinatoru Vondvosen Asnake bildirib ki, ətraf mühitlə bağlı məsələlərin həllinə gənclərin cəlb olunması qarşıya qoyulan məqsədlərdən biridir.

Ekologiya və Təbii sərvətlər naziri Hüseyn Bağırov Azərbaycanda ətraf mühitin mühafizəsi, yaşıllaşdırma proqramları barədə danışıb. Forumda TUNZA şəbəkəsi barədə məlumat verilib, bu şəbəkənin gənclərin ətraf mühitə qayğı ilə yanaşmasına çalışdığı bildirilib. Qafqazda ilk dəfə olaraq Azərbaycanda keçirilən “Yaşıl Həftə” noyabrın 16-dək davam edəcək.