“Bəbirləri mühafizə edək!” 2021 ekoloji yay düşərgəsi keçirilib

14-16 iyul tarixlərində IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ənənəvi “Bəbirləri mühafizə edək!” ekoloji yay düşərgəsi keçirilib.

60-a yaxın yerli məktəblinin qoşulduğu düşərgənin ilk günündə iştirakçılar bəbirlərin həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, o cümlədən müxtəlif ekoloji müsabiqələrdə, biomüxtəlifliklə bağlı bilik yarışmalarında iştirak edib. Həmçinin məktəblilərə təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilən “Dünyanın ən çox axtarılan bəbiri” sənədli filmi, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri, ekosistem xidmətləri haqda animasiya filmləri nümayiş olunub.

Düşərgənin ikinci və üçüncü günlərində iştirakçıların Hirkan Milli Parkına ekskursiyası təşkil edilib, burada komandalararası ekoloji oyunlar, bəbirlərin, həmçinin digər fauna növlərimizin ayaq izləri əsasında təyin edilməsi üzrə çalışmalar, ərazinin xəritəsinin hazırlanması üzrə praktiki təlimlər keçirilib, məktəblilərə meşə ərazilərində düzgün sığınacaq yerlərinin təşkili və təhlükəsizlik qaydaları da izah edilib.

Yekunda düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, Qəbələ, İsmayıllı rayonlarından ümumilikdə 500-ə yaxın məktəbli iştirak edib.

Həyata keçirilən düşərgələrin məqsədi gənclərin ekoloji sahədə maarifləndirilməsi, onlarda təbiətə qayğı hissinin inkişaf etdirilməsi, Qafqaz bəbirlərinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.