"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi
5-7 iyul tarixlərində "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən "Bəbirləri mühafizə edək!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilmişdir. Masallı, Astara və Lənkəran rayonlarından 70-dən çox məktəblinin iştirak etdiyi düşərgə Masallı rayonunun Qəriblər kəndində keçirilmişdir.
"Bəbirləri mühafizə edək!" yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənclərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliği, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.
Düşərgənin gedişatında iştirakçılar bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə etmiş, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak etmişlər. Məktəblilərə təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilən "Dünyanın ən çox axtarılan bəbiri" sənədli filmi də nümayiş olunmuşdur. Daha sonra, düşərgə iştirakçılarının Azərbaycanda bəbirlərin təbii olaraq məskunlaşdığı və xüsusi mühafizə olunduğu Hirkan Milli Parkına ekskursiyası təşkil olunmuşdur. Parkın ərazisində iştirakçılar, həmçinin üçüncü dövrə mənsub olan relikt mənşəli bitki örtüyü ilə də tanış olublar.
Qeyd edək ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl rayonlarından ümumilikdə 300-dən çox məktəbli iştirak etmişdir.