“Bəbirləri qoruyaq!” adlı növbəti yay düşərgəsi start götürüb
IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” adlı II yay düşərgəsinə start verib. Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Respublikanın Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan 30-dan çox məktəblinin iştirak etdiyi düşərgə Masallı rayonununda həyata keçirilir.
23-25 iyul tarixlərində baş tutacaq düşərgənin məqsədi məktəb yaşlarından gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.
“Bəbirləri qoruyaq!” adlı II yay düşərgəsində məktəblilər bu nadir canlı növünün qorunması, insan və ətraf mühit kimi mövzularda seminarlar, bəbirlərin yaşadığı təbii mühitə ekskursiyalar, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak edəcəklər.
Xatırladaq ki, ilk belə yay düşərgəsi 9-11 iyul 2014-cü il tarixlərində Lənkəran, Astara və Lerik rayonlarından olan 30-dan çox məktəblinin iştirakı ilə Masallı rayonunda təşkil olunmuşdur.
“Bəbirləri qoruyaq!” yay düşərgələri 7 may 2014-cü il tarixində IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan Qafqaz Biomüxtəlifliyi Sammitinin davamı olaraq həyata keçirilir.