“Beynəlxalq Ətraf Mühit Günü” ilə əlaqədar Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil edildi

BMT Baş Asambleyasının 1972-ci ildə qəbul etdiyi qətnamə ilə 5 iyun tarixi “Beynəlxalq Ətraf Mühit Günü” elan edilmişdi və həmin tarixdən etibarən hər il bu beynəlxalq gün dünyada qeyd olunur. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) qərarına əsasən “Beynəlxalq Ətraf Mühit Günü”nün 2016-cı il üzrə mövzusu “Vəhşi heyvanların qanunsuz ticarəti ilə mübarizə” müəyyən edilmişdir. 

UNEP-in üzvü qismində IDEA İctimai Birliyinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində “Beynəlxalq Ətraf Mühit Günü”nü ilə əlaqədar, 2 iyun tarixində “Vəhşi heyvanların qaçaqmalçılığı” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanlarının nümayəndələri, elm xadimləri, araşdırmaçılar, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.

Tədbirin gedişatında UNEP-in icraçı direktorunun “Beynəlxalq Ətraf Mühit Günü” ilə bağlı video müraciəti nümayiş olunmuş və vəhşi heyvanların qanunsuz ticarəti barədə arayış təqdim olunmuşdur.

Dəyirmi masa iştirakçıları dəyərli fauna növlərinin qlobal ticarətini təhlil etmiş və mənfəət məqsədilə nəsli kəsilməkdə olan heyvan növlərinin öldürülməsi və qaçaqmalçılığı probleminin ölkəmizə mümkün təsirlərini müzakirə etmişlər.

IDEA-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə “Qafqazın böyük beşliyi” - regionun nəsli kəsilmək təhlükəsi altında olan 5 əsas heyvan növü (bəbir, ceyran, qonur ayı, boz canavar və imperial qartalı) müəyyən edilmişdir. Ötən dövr ərzində IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və beynəlxalq tərəfdaşlarla birlikdə bu dəyərli növlərin mühafizəsi ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirmişdir. Nəticə etibarilə, bu növlərin mühafizə gücləndirilmiş, yaşayış arealları bərpa olunmuş və təbii artımı üçün əlverişli şərait yaradılmışdır. Bununla belə, dünyada olduğu kimi ölkəmizdə də vəhşi təbiətin mühafizəsi səylərinə ən böyük əngəllərdən biri onların mənfəət məqsədilə öldürülməsi, qaçaqmalçılığı və qanunsuz ticarətidir.  

Çıxış edənlər təbiətimizin nadir flora və fauna növlərinin daha səmərəli mühafizəsi üçün qanunvericiliyin təkmiləşdirilməsi və institusional tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulamışalar. Bununla yanaşı, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi ilə bağlı təkliflər irəli sürülmüşdür.

Tədbir zamanı səsləndirilən təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilmişdir.