Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar təmizlik aksiyası təşkil olunub

Sentyabrın 14-də IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “Təmiz Şəhər” ASC və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.

Beynəlxalq Sahilyanı Təmizlik Günü, eyni zamanda, çimərlik mövsümünün bitməsi ilə əlaqədar təşkil edilən təmizlik aksiyası Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Buzovna qəsəbəsində yaradılmış ictimai çimərlikdə təşkil olunub. Bu tədbirdə də 400-dən artıq gəncin iştirakı bu işə böyük maraqdan xəbər verir.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Qeyd edək ki, IDEA İctimai Birliyi tərəfindən paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına cari ilin avqust ayında başlanmışdır. Birliyin təşəbbüsü ilə Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbə çimərliklərinin ərazisində olmaqla ümumilikdə 6 ictimai çimərlik əhalinin istifadəsinə verilmişdi. Sözügedən çimərliklərdə insanların rahat, təmiz və təhlükəsiz məkanda pulsuz istirahət edə bilməsi üçün oturacaqlar və sanitar qovşaq quraşdırılıb, voleybol üçün meydança salınıb, zibil qutuları yerləşdirilib. Hal-hazırda "Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 14-cü aksiyadır.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları DJ-lərin səsləndirdiyi musiqi sədaları altında çimərlikdən 3 tona yaxın tullantı toplayıblar. Daha sonra tullantılar çeşidlənərək çimərliklərdə ən çox müşahidə olunan zibillər müəyyən edilib. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunub.

IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Birlik bütün təbiətsevərləri ekoloji problemlərin həlli istiqamətində təşkil edilən aksiyalara biganə yanaşmamağa və ətraf mühitin qorunmasına öz töhfələrini verməyə çağırır.