Beynəlxalq “Yaşıl Qraffiti” festivalı baş tutmuşdur

IDEA kampaniyasının ətraf mühit və incəsənət arasındakı harmoniyanı qoruyub saxlamaq məqsədilə təşkil etdiyi beynəlxalq “Yaşıl Qraffiti” festivalı 2013-cü ilin may ayının 12-də baş tutmuşdur. Festivalda Rusiya, Ukrayna, Gürcüstan, İngiltərə və Azərbaycandan olan gənclər iştirak etmişlər.

Festival iştirakçıları Bakı şəhərinin mərkəzi hissələrindən birində quraşdırılmış xüsusi stendlərdə müxtəlif rəsm əsərləri çəkərək ətraf mühit problemləri ilə bağlı öz mesajlarını çatdırmışdılar.

IDEA kampaniyası tərəfindən festivalın təşkil edilməsində əsas məqsəd qraffiti sənəti vasitəsilə ətraf mühitin qorunmasının vacibliyini xüsusi qeyd etmək və ictimaiyyətin diqqətinə çatdırmaq idi. Festival, həmçinin gənc rəssamların fəaliyyətində yeni bir istiqamət yaratmaq üçün böyük imkanlar açmışdır.

Qeyd edək ki, “Yaşıl Qraffiti” festivalında iştirak üçün 80-dən çox gənc müraciət etmişdir və iştirakçı gənclərin seçimi aprel ayından başlanmışdır.

Onu da qeyd etmək lazımdır ki, IDEA kampaniyası yarandığı gündən insanları ətraf mühit problemləri barədə məlumatlandırmağa və bu sahədə onların aktiv iştirakına çalışır. Bu məqsədlə kampaniya müxtəlif layihələr həyata keçirməkdədir.