"Zubrları təbiətimizə qaytaraq!" ekoloji yay düşərgəsi - Qəbələ

27-29 iyun tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Azərbaycanda zubrların reintroduksiyası” proqramının gənclərin maarifləndirilməsi və inkişafı istiqaməti üzrə "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən düşərgəyə Qəbələ rayonundan 60-a yaxın məktəbli qoşulub.

"Zubrları təbiətimizə qaytaraq!" yay düşərgəsinin əsas məqsədi reintroduksiya olunmuş zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgənin ilk günündə məktəblilər zubrların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, bu nadir canlı növünün təbiətimizə qaytarılması üzrə görülən işlər haqda təqdimatlarda iştirak edib, zubrların populyasiyasının məhvinə səbəb olan amillərlə bağlı təlimlərə, o cümlədən müxtəlif ekoloji müsabiqələrə, biomüxtəlifliklə bağlı əyləncəli bilik yarışmalarına qoşulublar.

Düşərgənin ikinci günündə iştirakçıların Şahdağ Milli Parkına ekskursiyası təşkil olunub. Burada məktəblilər Milli Parkın zəngin bioloji müxtəlifliyi ilə tanış olub, eyni zamanda, reintroduksiya proqramı çərçivəsində Azərbaycana gətirilən zubrları canlı izləmək şansı əldə ediblər. Məktəblilərə ölkəmizə gətirilərək uğurlu adaptasiya dövrü keçmiş zubrlar, layihənin icra mərhələləri və uğurları haqda məlumatlar verilib. Bununla yanaşı, uşaqlar heyvan izlərinin və bitki növlərinin təyin edilməsi, ərazinin xəritəsinin hazırlanması, meşədə sığınacaq yerlərinin təşkili və təhlükəsizlik qaydaları, ərazinin bitki və heyvan növlərinin təyini üzrə təlimlərdə iştirak ediblər. Düşərgənin son günü komandalar arasında rollu oyunlar keçirilib, əhalinin müxtəlif sosial qruplarının ekosistem xidmətlərindən istifadəsinin və nadir heyvanların qorunmasına münasibəti mövzusunda müzakirələr təşkil olunub. Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Qafqaz zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı proqram çəçivəsində IDEA İctimai Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirir. Layihə çərçivəsində 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 baş, 2020-ci ildə isə daha 5 baş zubr gətirilərək təbiətə buraxılıb. Ölkəmizə gətirilən zubrlarda təbii artımın müşahidə edilməsi onların adaptasiya dövrünü uğurla tamamladığını göstərir. 

IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Sözügedən düşərgələr müvafiq fauna növlərinin məskunlaşdığı regionlarda və həmin ərazilərdə yaşayan məktəblilər üçün təşkil olunur. Ötən illərin yay aylarında Masallı, Lerik, Salyan, Qax, Qəbələ və İsmayıllı rayonlarında keçirilmiş 3 günlük yay düşərgələrində 600-ə yaxın məktəbli iştirak etmişdir.