“Bizim həyət” - Binəqədi

IDEA İctimai Birliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.

Noyabrın 5-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Binəqədi rayonu, Azadlıq prospektində 3000 nəfər sakinin məskunlaşdığı 186, 188 və 194 saylı binaları əhatə edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

 “Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Bakı şəhəri Binəqədi rayon icra hakimiyyətinin dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 5 min kvadrat metr sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, şahmat, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb, Novruz çərşənbələrinin milli adət-ənənələrə uyğun qeyd edilməsi üçün tonqal sahəsi inşa olunub və yoqa həvəskarları üçün xüsusi yer ayrılıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 300-ə yaxın ağac və kol əkilib. Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb və Daxili İşlər Nazirliyinin "Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Mərkəzi"nin şəbəkəsinə qoşulub.

Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan altıncı həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.