“Bizim həyət” - Nəsimi (Alı Mustafayev 11)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.

Dekabrın 26-da “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, Alı Mustafayev küçəsi 11 ünvanında 860 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 1 000 m² sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə 100 m² ərazidə uşaq oyun elementləri, 200 m² - mini futbol və basketbol, 100 m² - idman-fitnes və 20 m² - şahmat meydançaları salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac və kol əkilmiş, 400 m2 ərazidə qazon salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.

Nəsimi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan onuncu həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.