"Bizim həyət" - Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 14, 20
Oktyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.
Yenilənmiş həyət Bakının Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 14, 20 ünvanında 800 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol və şahmat meydançaları, uşaqlar üçün oyun meydançası salınıb. Həyətin ərazisində 2 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları, it damları quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 50 ədəd ağac əkilib və 1600 kvadrat metr ərazidə yaşıllıq zolağı salınıb, yaşıllıqların suvarılması üçün su xətti çəkilib.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.