"Bizim həyət" - Nizami rayonu, 8-ci km, Naxçıvanski küçəsi (78-94b)

Dekabrın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Bakının Nizami rayonu,  8-ci km, Naxçıvanski küçəsi 78, 80, 86, 94, 94A, 94B ünvanında 1500 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə futbol və basketbol meydançası, müxtəlif idman qurğuları, velosiped yolu, şahmat meydançası, uşaqlar üçün oyun meydançaları salınıb. Həyətin ərazisində 7 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları, pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, təhlükəsizlik kameraları quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət etməklə ümumilikdə 350 ədəd ağac, çoxsaylı kol və güllər əkilib əkilib, 1500 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.