“Bizim həyət” - Qaradağ rayonu, M.Seyidov və A.Gülbabayev küç.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.

Yanvarın 4-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Qaradağ rayonu, Sahil qəs. M.Seyidov küç.13,16, Ə.Gülbabayev küç. 14,16,18,20 ünvanlarında 4000 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 25600 m² sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə 3 ədəd uşaq oyun elementləri, 460 m² - mini futbol, 140m² - idman-fitnes, 35 m2 şahmat meydançaları salınıb, 3 ədəd səyyar kitab şkafları, 350 nəfərlik xeyir-şər evi və 6 ədəd söhbətgah tikilib. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 515 ədəd ağac və kol əkilmişdir. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 8 ədəd müşahidə kameraları quraşdırılıb.

Qaradağ rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan on üçüncü həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.