“Bizim həyət” - Şirvan şəhəri, Energetik və M. İbrahimov küçələri
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Şirvan şəhərində 700 nəfərə yaxın sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Yenilənmiş həyət Şirvan şəhəri Energetik küçəsi 9, Leytenant Mahmud İbrahimov küçəsi 8 və 10 saylı binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb.
Sahəsi 1,5 ha olan həyətin ərazisində 6 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətə işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 100-dən çox ədəd ağac əkilib və yaşıllıq zolağı salınıb.
Qeyd edilməlidir ki, sözügedən həyət layihə çərçivəsində Bakıdan kənar rayonlarda abadlaşdırılan ilk həyətdir.