“Bizim həyət” - Xətai
IDEA İctimai Birliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.
Noyabrın 6-da “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 11 ünvanında 600 nəfərə yaxın sakinin məskunlaşdığı beşmərtəbəli binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Bakı şəhəri Xətai rayon icra hakimiyyətinin dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 6 500 m² sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, idman alətlərindən ibarət kiçik meydança salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilmiş, 600 kvadratmetrə yaxın ərazidə yaşıllıq zolağı salınmışdır. Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb və Daxili İşlər Nazirliyinin "Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Mərkəzi"nin şəbəkəsinə qoşulub.
Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan yeddinci həyətdir.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.