“Bizim həyət” - Xətai rayonu, Naximov küç. 30

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.

Mayın 3-ü “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Xətai rayonu, Naximov küç. 30 ünvanında 1500 nəfər sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, şahmat meydançası, 8 ədəd idman qurğusu, uşaqlar üçün oyun meydançası və 15 ədəd oturacaq quraşdırılmışdır. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib və 2000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi ikinci həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.