Britaniya parlamentinin Lordlar Palatasında IDEA kampaniyasının təqdimat mərasimi keçirilmişdir
Britaniya parlamentinin Lordlar Palatasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının təqdimat mərasimi baş tutub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın IDEA kampaniyasını təqdim etməsinin şərəfinə Lordlar Palatasının üzvü Məhəmməd Şeyx tərəfindən rəsmi ziyafət təşkil olunub.
IDEA kampaniyasının təqdimatının keçirildiyi tədbiri Britaniyanın EcoMuslim ekoloji təşkilatının icraçı direktoru Ömər Faruk açaraq çıxış edib.
Müasir Azərbaycanın inkişafının mühüm istiqamətlərini və son illərdə ölkədə həyata keçirilən ətraf mühit təşəbbüslərini diqqətə çatdıran Ömər Faruk, IDEA kampaniyasının əsas fəaliyyət istiqamətləri və bu təşəbbüsün Cənubi Qafqaz ölkələri üçün aktuallığını vurğulamışdır.
Sonra lord Məhəmməd Şeyx çıxış etmiş, təqdimatın əhəmiyyətini vurğulamış, son illərdə Azərbaycanın regional və qlobal siyasətdə rolunun artdığını və yerinin möhkəmləndiyini bildirmişdir. Ölkənin ən yeni tarixinə toxunan lord Məhəmməd Şeyx, Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən geoiqtisadi, nəqliyyat və enerji layihələri haqqında geniş məlumat vermişdir. Sonra lord Azərbaycanın müasir inkişafı, ölkədə son illərdə reallaşdırılan iqtisadi və siyasi təşəbbüslər barədə danışmışdır.
Tədbirdə Britaniya parlamentinin üzvləri, bu ölkədə akkreditə olunan diplomatik korpusların nümayəndələri, müxtəlif ekoloji təşkilatların təmsilçiləri, eləcə də Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident Administrasiyasının nümayəndəsi, Dövlət Neft Şirkətinin ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə də iştirak ediblər.
Daha sonra IDEA kampaniyasının təşəbbüskarı Leyla Əliyeva çıxış edib.
Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən ətraf mühit layihələri haqqında ətraflı məlumat vermişdir. O, həmçinin kampaniya çərçivəsində planlaşdırılan yeni layihələr və Azərbaycan gənclərini “Rio+20” konfransına səfərbər etmək üçün BMT-nin İnkişaf Proqramı ilə birgə aparılan əməkdaşlıq barədə danışıb.
Rəsmi ziyafətin sonunda Leyla Əliyeva Azərbaycan nümayəndə heyəti adından lord Məhəmməd Şeyxə ölkəmizi təcəssüm etdirən xatirə hədiyyələri təqdim etmişdir.