Buzovna çimərliyində növbəti təmizlik aksiyası təşkil olundu
Çimərlik mövsümünün açılışı ilə əlaqədar, iyunun 10-da IDEA İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin Azərbaycan Nümayəndəliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilmişdir.
Təmizlik aksiyası Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş “Yaşıl həftə” tədbirlər silsiləsi çərçivəsində Buzovna çimərliyi ərazisində təşkil edilib. Qeyd edək ki, “Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 9-cu aksiyadır.
Sözügedən aksiyaya BMT-nin Azərbaycan Nümayəndəliyinin, UNDP, UNICEF və FAO-nun nümayəndələri, eləcə də 300 nəfərdən çox könüllü gənc qoşulub.
Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdən 5 tona yaxın tullantı toplamışlar. Daha sonra tullantılar çeşidlənərək çimərliklərdə ən çox müşahidə olunan zibillər müəyyən edilmişdir. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da (kiçik traktorlar) cəlb olunmuşdur. Daha sonra, bütün tullantılar ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilmişdir.
Tullantıların toplanmasının ardından gənclər təmizlənmiş ərazidə birgə yoqa ilə məşğul olub, daha sonra xoş akkustik gitara sədaları altında əylənərək futbol, badminton və s. kimi idman növlərində özlərini sınayıblar.
IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir.
Hər il bir deviz altında keçirilən Ümumdünya Ətraf Mühit Gününün cari ildəki şüarı “Plastik çirklənməyə qalib gəl” (#BeatPlasticPollution) seçilmişdir. Buna səbəb isə, dünya əhalisi arasında plastik məhsullardan asılılığın artması nəticəsində ətraf mühitə və biomüxtəlifliyə dəyən mənfi təsirlərin artmasıdır. Sahillərdə keçirilən təmizlik aksiyaları zamanı toplanan tullantılar içərisində məhz plastik tullantıların çoxluq təşkil etməsi də bunun əyani sübutudur. Plastik tullantıların təkrar emalı, təkrar istifadəsi və azalması ilə bağlı görülən tədbirlər bu problemin əsas həlli yoludur ki, gənclər də bu prossesdə mühüm rol oynayır.
Aksiya tərəfdaşları tədbirə qoşulan bütün təbiətsevər gənclərə təşəkkür edir, hər kəsi Planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırır!