“Ceyranları qoruyaq!” 2021 ekoloji yay düşərgəsi uğurla başa çatdı
28-30 iyul tarixlərində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramının gənclərin maarifləndirilməsi və inkişafı istiqaməti üzrə “Ceyranları qoruyaq!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib. IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Təbiəti Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən düşərgəyə Salyan rayonundan 60-a yaxın məktəbli qoşulub.
“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir.
Düşərgənin ilk günündə məktəblilər ceyranların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, bu nadir canlı növünün populyasiyasının bərpası üzrə görülən işlər və uğurlar haqda təqdimat və təlimlərdə iştirak edib, o cümlədən müxtəlif ekoloji müsabiqələrə, ətraf mühitlə bağlı əyləncəli bilik yarışmalarına qoşulublar.
Düşərgənin ikinci günündə iştirakçıların Şirvan Milli Parkına ekskursiyası təşkil olunub. Burada eko-turizm fəaliyyətinin inkişafına və parkda infrastrukturun yaxşılaşdırılmasına töhfə vermək məqsədilə təqdim edilən safari tipli müasir nəqliyyat vasitələri ilə Milli Parkın ərazisinə səciyyəvi olan fauna və floranı, zəngin təbii landşaft sahələrini müşahidə etmək məktəblilərin xüsusilə böyük marağına səbəb olub. Düşərgə iştirakçıları Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş ceyranları canlı izləmək şansı da əldə ediblər.
Düşərgənin son günü, şagirdlərə IDEA İctimai Birliyinin milli parklar haqqında sənədli filmlər silsiləsindən ibarət xüsusi layihəsi çərçivəsində İqor Bışnyovun rejissorluğu ilə çəkilən "Azərbaycan. Ceyranların xilası” və "Şirvan Milli Parkı” filmləri nümayiş olunub. Daha sonra, təbiətdə komandalararası ekoloji oyunlar, fauna növlərimizin ayaq izləri əsasında təyin edilməsi üzrə çalışmalar keçirilib, təbiət ərazilərində təhlükəsizlik qaydaları izah edilib. Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.
“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanılıb və hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 150 başdan artıq ceyran Şirvan Milli Parkından Azərbaycan və Gürcüstandakı tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilmişdir, onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir. Proqram ceyranların sayının artırılması və mühafizəsinə yönəlsə də, onun əsas istiqamətlərindən biri ictimaiyyət arasında maarifləndirmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu sahədə görülən uğurlu işlərin nəticəsi olaraq, hazırda Azərbaycan Respublikasında ceyran populyasiyasının sayının 7 min başa qədər olduğu müəyyən edilib.