"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi
IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi keçirmişdir. Goranboy, Samux, Qax və Şəki rayonlarından 70-dən çox məktəblinin iştirak etdiyi düşərgə 6-8 iyul tarixlərində Göygöl rayonunda təşkil edilmişdir.
“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirmək olmuşdur. Düşərgənin gedişatında iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlandırılmışlar. Uşaqlar, həmçinin müxtəlif kiçik ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak etmiş və onların Göygöl Milli Parkına ekskursiyası təşkil edilmişdir. Yekunda düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanmış və hal-hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 150 başdan artıq ceyran Şirvan Milli Parkından Azərbaycan və Gürcüstandakı tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilmişdir və onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir.
IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələri mütəmadi əsaslarla hər il təşkil edir.