"Dünyanın ən böyük dərsi" layihəsinin yekun dərsi keçirilib

Noyabrın 27-də paytaxtın 23 saylı tam orta məktəbində ölkənin 10 orta məktəblərindən olan şagirdlər Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) müzakirə etmək üçün “Dünyanın ən böyük dərsi”ndə iştirak ediblər. Tədbirdə şagirdlər təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Dayanaqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurasının katibliyinin rəhbəri Hüseyn Hüseynov, “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” (IDEA) İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüblər.

Hər bir uşaq üçün daha dayanıqlı gələcək qurmaq məqsədi daşıyan qlobal səylərə balacaların cəlb edilməsi təşəbbüsü IDEA İctimai Birliyi, Təhsil Nazirliyi və UNICEF tərəfindən irəli sürülüb.

“Dünyanın ən böyük dərsi” DİM-ləri uşaqlara təqdim etmək, habelə gənclərin öz icmalarında bu məsələ ilə bağlı fəal müzakirələrini və tənqidi yanaşmalarını təşviq etmək məqsədilə icrasına 2015-ci ilin sentyabr ayında başlanmış qlobal təşəbbüsdür.

IDEA İctimai Birliyi və UNICEF qlobal miqyasda keçirilən bu cür dərs üçün hazırlanmış xüsusi materialların Azərbaycan şəraitinə uyğunlaşdırılmasını təmin ediblər. Bu, ətraf mühit və iqlim dəyişmələri məsələlərinə xüsusi diqqət ayırmaqla DİM-ləri uşaqlara təqdim etmək məqsədi daşıyır. Hər bir sinifdə bu cür dərsin keçirilməsi məqsədilə müəllimlərin hazırlanması üçün Bakı və Xaçmaz şəhərlərinin ümumilikdə 20 məktəbini təmsil edən müəllimlər sentyabr ayından etibarən keçirilən silsilə təlimlərə cəlb olunublar. Azərbaycan dilində mövcud olan materiallar və qeyd olunan 20 məktəb haqqında müvafiq məlumatlar sözügedən qlobal təşəbbüsə aid veb-saytda yerləşdirilib.

“Dünyanın ən böyük dərsi” dünya ölkələrinin İordaniya Kraliçası Rania əl-Abdullah kimi rəsmi şəxslər, habelə amerikalı tennis ulduzu Serena Uilyams və braziliyalı futbolçu Neymar kimi ictimai xadimlər tərəfindən dəstəklənir. Bununla yanaşı, hər il müxtəlif ölkələrin hökumət rəhbərləri bu cür dərslərin keçirilməsinə müəllim və ya iştirakçı qismində qoşulurlar.