“Eko Ev” layihəsinin son tarixi uzadıldı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin Day.az xəbər portalı ilə birgə həyata keçirdiyi “Eko ev” layihəsinin son tarixi uzadılıb. Beləliklə, gənclər “eko ev” mövzusunda hazırladıqları eskizləri (“jpg” formatında) mart ayının 10-a qədər deyil, aprel ayının 10-a qədər idea.day.az saytında qeydiyyatdan keçərək qısa izahı ilə birgə yükləyə bilərlər.

Layihənin son tarixinin uzadılmasına əsas səbəb layihənin fevral ayının 3-ü start götürməsi tələbələrin semestr tətilində olmasına təsadüf etməsi, layihənin yerli universitetlərdə aparılan təqdimat mərasimləri zamanı və sonra  tələbə-gənclərlin layihəyə böyük maraq göstərərək onun son tarixinin uzadılması ilə bağlı çoxsaylı müraciətləridir.

Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan, ekoloji cəhətdən təmiz evlərin eskizləri hazırlanması nəzərdə tutulur.

Müsabiqənin birinci turunun qalibləri facebook sosial şəbəkəsində keçiriləcək səsvermə yolu ilə seçiləcək. Aprelin 10-dan mayın 10-dək keçiriləcək səsvermənin yekununda 10 ən yaxşı eskiz müsabiqənin ikinci mərhələsinə vəsiqə alacaq.  İkinci mərhələdə isə ən çox səs toplamış 10 eskiz müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Seçilən ilk üç eskizin müəllifləri müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində pul ilə mükafatlandırılacaqlar. Bundan əlavə, I yerin sahibi ölkə xaricində, ikinci yerin sahibi isə Azərbaycanda fəaliyyət göstərən böyük tikinti şirkətlərindən birində təcrübə keçmək imkanı əldə edəcək.