Eko Rəsm Gündəliklərinin qiymətləndirilməsi işinə start verildi

1 noyabr 2013-cü il tarixində IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin və Panasonic Marketinq MDB-nin (PMCIS) dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq start götürmüş Eko Rəsm Gündəliyi beynəlxalq layihəsinin milli müsabiqə turunun birinci mərhələsi başa çatmışdır.

Bakı və Gəncə şəhərlərinin orta ümumtəhsil məktəblərini əhatə edən layihəyə ümumilikdə aşağı (6-11 yaş) və orta (12-15 yaş arası) yaş qruplarını təmsil edən 5000-ə qədər şagird qatılmışdır.

Layihənin milli turunun iştirakçıları olmuş məktəblilər müəyyən olunmuş müddət ərzində yarışma üçün hazırlanmış xüsusi  “Gündəlik”-lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkmiş və onların ideyalarının qısa təsvirini əks etdirən mətnlər əlavə etmişlər.

Artıq “Gündəlik”-lərin qiymətləndirilməsi işinə start verilmişdir. Eko Rəsm Gündəliklərinin qiymətləndirilməsi layihənin münsiflər heyəti - IDEA kampaniyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrinin və bir sıra qabaqcıl ekspertlərin, habelə, tanınmış incəsənət xadimlərinin iştirakı ilə öncədən nəzərdə tutulmuş kriteriyalara əsasən həyata keçiriləcək. Final mərhələsinə vəsiqə qazanacaq 20 iştirakçı arasından bir nəfər milli müsabiqənin qalibi elan ediləcək.

Qeyd edək ki, “Eko Rəsm Gündəliyi 2013” beynəlxalq müsabiqəsinin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğatın gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.

Onu da qeyd edək ki, müsabiqənin final mərhələsinin qalibi 1 dekabr 2013-cü il tarixində elan olunacaq.