Ekoloji poster müsabiqənin qalibləri mükafatlandırdı

Ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, tullantıların azaldılması və səmərəli idarə olunması, davamlı inkişaf və s. sahələrdə iri miqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi istedadlı dizaynerlər üçün elan etdiyi müsabiqənin qaliblərini açıqlayıb.

Müsabiqənin şərtlərinə əsasən onlarla kreativ dizayner ekoloji problemləri əks etdirən posterlər hazırlayaraq IDEA İctimai Birliyinə təqdim etmişdir. IDEA İctimai Birliyinin nümayəndələrindən, həmçinin müstəqil peşəkar dizaynerlərdən ibarət jüri heyəti tərəfindən ən təsirli posterlər seçilərək qaliblər müəyyən edilmişdir.

Müsabiqənin birinci yerinin qalibləri "İndi görünür?" mövzulu işlərilə Sinan Ağayev, Pərviz Babayev və Amal Əlili olub. Onlar ən geniş yayılmış ekoloji problemi - ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsini şəhərimizin simasında ictimaiyyətə nümayiş etdirmişlər.
İkinci yerin qalibi Kamal Cəfərov öz kreativ işi ilə qanunsuz ağac kəsintisi hallarına etirazını ifadə etmiş və ictimaiyyəti ağacların və yaşıllığın mühafizəsinə çağırmışdır. Üçüncü yerin qalibi tullantıları azaldaraq qlobal iqlim dəyişikliyinin mənfi təsirlərini aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağıran Elnur Babayev olub. Qaliblər IDEA İctimai Birliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini ekoloji problemlərə yönəltmək və ətraf mühitin mühafizəsi naminə əhalinin ekoloji maarifləndirilməsini təşkil etmək olmuşdur.

Əhalinin ekoloji maarifləndirilməsinə xüsusi önəm verən IDEA İctimai Birliyi mütəmadi olaraq müxtəlif yaş qrupundan olan şəxslər üçün müsabiqələr, aksiyalar, həftəlik və aylıq əsaslarla təmənnasız mühazirələr, treninqlər, dəyirmi masalar, laboratoriyalar, təqdimatlar və seminarlar təşkil edir. Bütün layihələrlə bağlı IDEA-nın internet resurslarından (www.ideacampaign.org, https://www.instagram.com/ideəcampaign/ və https://www.facebook.com/ideacampaign.org) məlumat əldə edə bilərsiniz.