Gəncə çayının təmizlənməsi aksiyası

14 mart 2014-cü il tarixində Çayların mühafizəsi üzrə Beynəlxalq Gün ilə əlaqədar IDEA İctimai Birliyi (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq), Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə çayının təmizlənməsi üzrə ictimai aksiya təşkil etmişdir.

Tədbir çərçivəsində IDEA İctimai Birliyinin sanitar normalara uyğun ləvazimatlarla təchiz olunmuş 100-ə yaxın könüllüsü tərəfindən Gəncə çayının məişət tullantılarından təmizlənməsi həyata keçirilmişdir.

Bununla yanaşı, çayın sahillərində yaşayan insanlara və burada fəaliyyət göstərən ictimai iaşə müəssisələrinə Gəncə çayının təmiz saxlanılmasının əhəmiyyəti və çirkləndirilməsinin fəsadları barədə xüsusi hazırlanmış bukletlər paylanmış, müvafiq izahatlar verilmişdir.

Tədbir şəhər ictimaiyyət, mətbuat və inzibati qurumlar tərəfindən xüsusi maraqla qarşılanmış və təqdirəlayiq aksiya kimi qiymətləndirilmişdir.

Layihənin məqsədi təbii balansın saxlanılmasında və insan həyatında xüsusi rol oynayan çayların mühafizəsində cəmiyyətin səfərbər edilməsi, ərazinin ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılmasına töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olmuşdur.