Gəncədə "Eko Rəsm Gündəliyi 2014" beynəlxalq müsabiqəsinin təqdimat mərasimi keçirildi
Azərbaycanda məktəblilər arasında keçirilən "Eko Rəsm Gündəliyi 2014" ("Eco Picture Diary 2014") beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verilib. Sentyabrın 9-da Gəncədə yarışmanın elan olunması ilə bağlı tədbir keçirilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan 2013-cü ildən bu müsabiqəyə qoşulub. Yerli məktəblilər YUNESKO-nun himayəsi altında, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazyirliyi və Panasonic Marketinq MDB-nin (PMCIS) dəstəyi ilə bu yarışmada iştirak edirlər.
Layihənin əsas məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin formalaşdırılması, təbiətin və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırırlması, ekoloji problemlərin həllinə yönəlik fəaliyyətə uşaqların cəlb olunmasıdır.
Müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edir. 5000 ədəd xüsusi "Eko Gündəlik" sentyabrın 15-16-da müəllimlər tərəfindən şagirdlərə paylanılacaq.
Müsabiqədə ümumtəhsil məktəblərinin aşağı (6-11 yaş arası) və orta (12-15 yaş arası) yaş qruplarını təmsil edən şagirdlər iştirak edə bilərlər. İştirakçılar 3 günə bölünmüş "Eko Gündəlik"də ekologiyaya dair rəsm çəkməli və onun ideyasının qısa təsvirini mətndə əks etdirməlidirlər. "Eko Gündəlik"lər sentyabrın 25-dək təhvil verilməlidir.
Layihə haqqında ətraflı məlumatı IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Müsabiqə ilə bağlı suallarla iş günləri saat 09:30-dan 18:30-a qədər (012) 497-63-16 telefona müraciət etmək olar.
Təqdim edilən "Eko Gündəlik"ləri IDEA, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YUNESKO, Panasonic Marketinq MDB, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcək.
Final mərhələsinə vəsiqə qazanan 20 (hər yaş qrupu üzrə 10) iştirakçı mükafatlandırılacaq. Finalçılardan bir nəfər milli qalib elan olunacaq və onun "Eko Gündəliy"i layihənin beynəlxalq münsiflər heyətinə göndəriləcək. Bütün ölkələrin milli qalibləri arasından ən yaxşı "Eko Gündəlik"lər seçiləcək.
Xatırladaq ki, ötən il yarışmanın milli mərhələsində 3032 məktəbli iştirak etmişdi.
Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov milli qalib seçilmişdi.
Beynəlxalq “Eko Rəsm Gündəliyi” müsabiqəsi 6 ildir keçirilir və artıq 50-dən çox ölkəni əhatə edir.