Gənclər ekologiya sahəsində idarəetmə biliklərinə yiyələndilər

Lənkəran şəhərində IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və ATƏT-in Bakı ofisi tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi, “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə "Green Corps” yay məktəbi təşkil olunub.

Yay məktəbinin əsas məqsədi gənclərin ölkəmizin gələcək vətəndaşları olaraq Eko-menecment (Ekoloji menecment), ətraf mühitin mühafizəsi və tədqiqatların düzgün aparılması sahəsində ilkin biliklərin verilməsi, layihələrin düzgün yazılması və idarə edilməsi, dünyagörüşünün genişlənməsi və bu gənclərin gələcəkdə ekoloji aktivistlərə çevrilməsidir.

Yay məktəbinin proqramı iki hissədən - təlim-tədris və mədəni-idman proqramlarından ibarət olub. Təlim-tədris proqramı çərçivəsində yerli və xarici ekspertlər tərəfindən iştirakçılara ekoloji layihələrin yazılması, idarə olunması, bu sahədə xarici təcrübə, metodologiya haqqında bilik və bacarıqlar aşılandı.

Təlim-tədris proqramının davamı olaraq iştirakçılar komandalara ayrılaraq Azərbaycanın cənub bölgəsində olan mövcud ekoloji problemlərin həllinə istiqamətlənmiş layihələr yazıblar. Komandalar tərəfindən təqdim olunmuş layihələr arasında müsabiqə keçirilib. Müsabiqədən uğurla keçən 3 layihə maliyyələşdirilib və oktyabr-noyabr aylarında reallaşdırılması nəzərdə tutulub. 

Həmçinin asudə vaxtlarının səmərəli dəyərləndirilməsi və biliklərinin praktiki məşğələlərlə gücləndirilməsi üçün iştirakçılara müxtəlif komandaqurucu oyunlar, idman oyunları və əyləncəli tədbirləri özündə birləşdirən mədəni idman proqramı təqdim olunub.